|
Siyasət
1. Hökumət 1.1. Dövlətin əsasları
1.2. Qanunvericilik hakimiyyəti (Milli Məclis – Parlament) 1.3. İcra hakimiyyəti 1.3.1. Dövlət başçısı
1.3.2. Hökumət başçısı
1.4. Məhkəmə hakimiyyəti
2. Konstitusiya
3. Siyasi partiyalar
1.1. Dövlətin əsasları: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis (Parlamenti) həyata keçirir; icra hakimiyyəti Prezidentə mənsubdur; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir.
1.2. Qanunvericilik hakimiyyəti: Tək palatadan ibarət olan Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. 125 deputatdan ibarət olan Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
1.3. İcra hakimiyyəti:
1.3.1. Dövlət başçısı: Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentinə mənsubdur.
1.3.2. Hökumət başçısı: Prezident Milli Məclisinin razılığı ilə Baş naziri vəzifəyə təyin edir; Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Prezident Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
1.4. Məhkəmə hakimiyyəti: Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.
2. Konstitusiya
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycanın yeni konstitusiyası qəbul olunmuş və 1995-ci il dekabrın 5-də qüvvəyə minmişdir. Ölkənin ali qanunu beynəlxalq hüququn fundamental prinsipləri və normalarına uyğun olaraq tərtib edilmişdir. Çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Konstitusiya təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; - Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; - vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; - xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; - ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; - ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Konstitusiyanın 1-ci maddəsində göstərildiyi kimi, 'Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır'. Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq 'Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur'. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünüb. Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir.
3. Siyasi partiyalar Azərbaycanda 42 siyasi partiya var:
1. Yeni Azərbaycan Partiyası 2. Azərbaycan Milli İstiqlal Partiyası 3. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 4. Azərbaycan Xalq Demokratik Partiyası 5. Ana vətən Partiyası 6. Milli Demokratik İdrak Partiyası 7. Azərbaycan Kəndli Partiyası 8. Vətəndaş həmrəyliyi partiyası 9. Musavat Partiyası 10. Birlik Partiyası 11. Vahid Azərbaycan Milli Birlik Partiyası 12. Vahid Azərbaycan Partiyası 13. Demokratik Azərbaycan Dünyası Partiyası 14. Müstəqil Azərbaycan Partiyası 15. Milli Qurtuluş Partiyası 16. Azərbaycan Yurddaş Partiyası 17. Azərbaycan Ümid Partiyası 18. Qorqud Partiyası 19. Azərbaycan Milli Hərəkat Partiyası 20. Azərbaycan Kommunist Partiyası 21. Azərbaycan Milli Dövlətçilik Partiyası 22. Azərbaycan Vətənpərvərlər Partiyası 23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası 24. Azərbaycan Naminə Alyans Partiyası 25. Azərbaycan Demokratik Maarifçilik Partiyası 26. Azərbaycan Sosial Rifah Partiyası 27. Azərbaycan liberal Partiyası 28. Azərbaycan Sosial Demokrat Partiyası 29. Azərbaycan Xalq Cəbhəsi Partiyası 30. Azərbaycan Vahid Kommunist Partiyası 31. Sosial Ədalət Partiyası 32. Milli Konqres Partiyası 33. Vəhdət Partiyası 34. Azərbaycan Respublikaçılar Partiyası 35. Azərbaycan Xalq Partiyası 36. Azərbaycan Liberal Demokrat Partiyası 37. Azərbaycan Demokrat Partiyası 38. Azərbaycan Mübarizlər Partiyası 39. Ədalət Partiyası 40. Milli Vəhdət Partiyası 41. Müasir Musavat Partiyası 42. Azərbaycan Azad Respublikaçılar Partiyası
|