|
Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi
Xarici dövlətlərdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi (pasportun etibarlılıq müddətinin bitməsi, yararsız hala düşməsi və ya itməsi, pasport məlumatlarında buraxılmış texniki qüsurlar, köhnə SSRİ tipli pasportla Azərbaycan Respublikası hüdudlarını tərk etməsi, 18 yaş tamam olması səbəbindən) barədə müraciətlərinin rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikasının Səfirliklərinə müraciət edə bilərlər. Bunun üçün ilk növbədə Səfirlikdə konsulluq qeydiyyatına alınmalı və aşağıdakı sənədlər konsulluq xidmətinə təqdim edilməlidir:
1) Dəqiqliklə doldurulmuş ərizə-anket forması, ərizə-anket forması 2;
2) 2 ədəd fotoşəkil (rəngli, donuq, 3x4 sm ölçülü)
3) Vətəndaşın şəxsən (əl yazısı ilə) yazdığı ərizəsi
4) Pasportun əsli
5) Şəxsin İndoneziyada daimi yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən müvafiq sənəd
6) Qan qrupu barədə arayış (yalnız keçmiş SSRİ nümunəli pasportlara malik vətəndaşlar üçün)
7) $ 40 dövlət rüsumu
8) Pasport itibsə, pasportun itməsi barədə polisin məktubu (tərcümə edilməlidir)
9) Soyad dəyişdirilibsə, soyadın dəyişdirilməsi barədə şəhadətnamənin surəti
10) Yetkinlik yaşına çatmamış uşaqları ananın pasportuna yazılması üçün atanın notarial qaydada təsdiq edilmiş razılığı
11) Yetkinlik yaşına çatmamış uşaqları atanın pasportuna yazılması üçün ananın notarial qaydada təsdiq edilmiş razılığı
12) Yetkinlik yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri
13)18 yaşına çatmış uşaqlara ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
a) uşaqların ərizəsi
b) ərizə-anket forması
c) 2 ədəd fotoşəkil
ç) doğum haqqında şəhadətnamənin surəti
Diplomatik Nümayəndəlikdə yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün müraciət edən Azərbaycan Respublikasının vətəndaşının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
1. Soyadı, adı, atasının adı
2.Yaşadığı ünvan və telefon nömrəsi
3.Neçənci ildən İndoneziyada yaşayır və ölkəyə gəlmə səbəbi (daimi yaşayır, müqavilə əsasında çalışır, tələbədir)
4. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi səbəbi (pasportun etibarlılıq müddətinin bitməsi, yararsız hala düşməsi və ya itməsi, pasport məlumatlarında buraxılmış texniki qüsurlar, köhnə SSRİ tipli pasportla Azərbaycan Respublikası hüdudlarını tərk etməsi, 18 yaş tamam olması)
5. Azərbaycan Respublikası vətəndaşlığından çıxıb-çıxmaması və ya vətəndaşlıqdan çıxmaq üçün müraciət edib-etməməsi.
6. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun Azərbaycanda yaşayan qohum və ya tanışları tərəfindən ödəniləcəyi barədə zəmanət.
Bütün sənədlər Səfirliyə iki nüsxədə təqdim edilməlidir.
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosesi ilə bağlı bəzi dəyişikliklər.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər:
1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;
2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;
4. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;
5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;
6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında);
7. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.
|